"Ermənistanın son günlər Qarabağda törətdiyi təxribatlar gözlənilən idi. Bu kimi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alınır. Düşmənin istər Qarabağda, istərsə də Naxçıvanda törətdiyi təxribatlar cavabsız qalmayacaq. Lazım gələrsə, düşmənə istənilən formada sərt cavablar verəcəyik".
Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanov bildirib ki, təxribatların məqsədi Qarabağda gərginliyi saxlamaqdır:
"Təbii ki, həmin ərazilərdə nəsə baş verəndə Azərbaycan tərəfi öz iradını məhz Rusiya sülhməramlılarına bildirir. Bu mənada, ermənilər sülhməramlılarla Azərbaycanın əlaqələrini soyutmağa çalışır. Yəni bu, normal bir prosesdir. Post-müharibə dövrüdür. Dünyanın hər yerində müharibədən sonra terrorçu qrupları, quldurlar, eləcə də təxribatçılar bir müddət həmin ərazilərdə qalırlar. Birdən-birə heç nə sakitləşmir. Ola bilsin ki, Qarabağdakı terrorçuları diasporlar və ya müəyyən xarici qüvvələr maliyyələşdirir. Ancaq bizim gücümüz bütün bunları nəzarət çərçivəsində saxlamağa imkan verir".
Ağarza Elçinoğlu