“Ermənistan tərəfi darmadağın olduqdan sonra yaradıcı, normal, konstruktiv qarşılıqlı fəaliyyət və ehtiyatlı ağıllı davranış əvəzinə təxribatlar, atəşə tutma və düşmənçilik taktikası yürüdür. Bu köhnə, kobud və çeynənmiş üsul Azərbaycanı yeni qarşıdurmalar burulğanına çəkmək və Ermənistanı Azərbaycanın aqressiyasının qurbanı kimi təqdim etmək məqsədilə həyata keçirilir".
Unikal.org xəbər verir ki, bu fikirləri report-a açıqlamasında “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.
“Sonu olmayan bu yol tarixi dalana, eyni səhvlərin təkrarlanmasına aparır. Ermənistan bu yolu seçirsə, buna yalnız heyfslənmək olar”, - o deyib.
Ekspert hesab edir ki, Ermənistanın təxribatçı hərəkətləri dünyanın və geosiyasi vəziyyətin dəyişməsini başa düşməməyin nəticəsidir. Onun fikrincə, Azərbaycanla sülh müqaviləsinin bağlanması, nəqliyyat və iqtisadi əlaqələrin qurulması, Zəngəzur dəhlizinin tezliklə açılması Ermənistan iqtisadiyyatının inkişafı və bərpası baxımından yeganə şansdır. Elitanın seçimi erməni xalqının xeyrinə deyil.
“Ermənistan Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə öz-özünü iqtisadi blokadaya salıb. Rusiya Ermənistanın inkişafını təmin etməyəcək və dotasiya ayırmayacaq. Bu, suveren ölkədir”, - İ.Korotçenko bildirib.
Xatırladaq ki, iyulun 15-i gecə radələrində rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar.