Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliya Senatında təşkil olunmuş “Bir daha müharibənin mülki qurbanları olmasın!” adlı mətbuat konfransında çıxış edib.

Bu barədə Unikal.org -a Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib.

Tədbir İtaliya Senatı, İtaliya Təhsil Nazirliyi, İtaliyanın Müharibə Mülki Qurbanları üzrə Milli Assosiasiyası və Dünyada Müharibə və Münaqişələrin Mülki Qurbanları Gününün Yaradılmasının Təşviqi Komitəsi tərəfindən birgə təşkil olunub.

Çıxışında Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü vaxtı azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətləri, Xocalı soyqırımı, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Vətən müharibəsi günlərində Azərbaycan şəhərlərinə və mülki obyektlərinə Ermənistan tərəfindən kasetli bombalar və ağır artilleriya silahları ilə edilən hücumlar, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlamasının mülki əhali arasında səbəb olduğu ağır nəticələr barədə danışıb.

Diplomat, habelə Azərbaycanın bölgədə sülh və sabitliyin bərqərar olunması istiqamətində atdığı addımlar, ölkəmizin sülh çağırışlarına Ermənistan tərəfindən adekvat reaksiyanın göstərilməməsi barədə də məlumat verib. Eləcə də, Ermənistan tərəfindən bölgədə sülhə təhdid yaradan təxribatlar, ərazilərin minalanmasından irəli gələn problemlər barədə danışıb, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməkdə məqsədinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyimiz böyük yenidənqurma və bərpa layihələrinə və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına maneə yaratmaq olduğunu bildirib.

Çıxışında M.Əhmədzadə, həmçinin Azərbaycanın multikulturalizm modeli, multikultural dəyərlərin dünyada təşviqində ölkəmizin həyata keçirdiyi fəaliyyət, Azərbaycanın təşəbbüskarı olduğu strateji enerji və nəqliyyat layihələrinin bölgədə sülh, təhlükəsizilik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib.

Çıxışının sonunda diplomat beynəlxalq ictimaiyyətin Ermənistanı revanşist iddialardan əl çəkməyə, sülh haqqında düşünməyə və yaxşı qonşuluq siyasəti yürütməyə çağırmasının vacibliyini bildirib.

Mətbuat konfransında çıxış edən İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu, İtaliyanın Müharibə Mülki Qurbanları üzrə Milli Assosiasiyasının prezidenti Cüzeppe Kastronovo və Dünyada Müharibə və Münaqişələrin Mülki Qurbanları Gününün Yaradılmasının Təşviqi Komitəsinin prezidenti, səfir Umberto Vattani müharibənin mülki qurbanları problemi, sülh və həmrəylik mədəniyyətinin münaqişələrin qarşısının alınması və həlli vasitəsi olması barədə danışıblar. Bu məqsədlə 28 iyul 2021-ci il tarixində İtaliyanın Taormina şəhərində keçiriləcək “Bir daha müharibənin mülki qurbanları olmasın: sülh və həmrəylik mədəniyyəti münaqişələrin qarşısının alınması və həlli vasitəsi kimi” adlı beynəlxalq konfrans barədə məlumat veriblər.

İtaliya Senatının televiziya kanalı və sosial şəbəkə profillərində canlı olaraq yayımlanmış mətbuat konfransı İtaliyanın kütləvi informasiya vasitələrinin də geniş diqqət mərkəzində olub.