“İkinci Qarabağ müharibəsi zamanı hamı gördü ki, kim vicdanlı mübarizə aparır və kim yatmaqda olan şəhərlərə qəsdən hücum edir. Ən dəhşətlisi isə budur ki, gecə saatlarında Gəncənin yaşayış məhəlləsinə, yuxuda olan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endirdikdən sonra Ermənistan rəhbərliyi bununla heç bir əlaqəsi olmadığını bildirdi. Bu, sinizmin yüksək səviyyəsidir! Bəs onda kim? Bu o deməkdir ki, özümüz özümüzü vurmuşuq?”
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.
“Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan sinizmdir. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur.
Lakin Tərtər şəhəri, əlbəttə, daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı”, - deyə dövlət başçısı qeyd edib.