“Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Bunlar dostyana, qardaşyana ismarıclr idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.
Səfir İranın sərhəddə keçirdiyi təlimlərlə bağlı da danışıb:
"Məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".
Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: “Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.