“Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib”.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşü barədə sualı cavablandırarkən deyib.
“Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb.
Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir.
Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq”, - dövlət başçısı bildirib.