Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Unikal.orgun xəbərinə görə, sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, sahibkarlar daxildə emal xüsusi gömrük rejimi ilə (müəyyən malların emal edildikdən sonra ixrac edilməsi məqsədilə ölkəyə gətirilməsi) mallar idxal etdikləri zaman gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verməli idilər (Bu borc adətən idxal olunuan malların 1 il ərzində ixrac edilməməsi halında yaranır).
Təklif olunan dəyişiklik belə bir təminatın məcburi olmamasını özündə ehtiva edir. Bu isə sahibkarları təminat vermək üçün bir çox xərclərdən azad edəcək, xarici hüquqi şəxslər üçün isə Azərbaycanda xidmət almaq və investisiya yatırmaq üçün daha əlverişli şərait yaradacaq.