"Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasında ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir".
Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.
Minaların təmizləndiyi yerlərdə qəsəbələrin, şəhərlərin və kəndlərin tikintisinə başlandığını qeyd edən dövlətimizin başçısı deyib: “Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq”.
Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasının dəqiq vaxtını söyləməyin çətin olduğunu vurğulayan Prezident qeyd edib ki, proses mərhələli şəkildə başlayacaq.