İndoneziyanın Yava adasında dünən axşamdan bəri davam edən leysan yağışların yaratdığı sel fəlakətinin fəsadları davam edir.
Unikal.org xəbər verir ki, İndoneziya Milli Fəlakət Agentliyinin (BNPB) sözçünün müavini Əbdül Muhari təbii fəlakət nəticəsində 5 nəfərin cəsədinin tapıldığını, 4 nəfərin itkin düşdüyünü, axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Muhari deyib ki, səlahiyyətlilər dağıntılar və mümkün tələfatla bağlı məlumat toplayıb, seldən zərər çəkənləri təhlükəsiz yerlərə təxliyə etməyə başlayıblar. Sel bölgələrində palçıq və dağıntı ilə örtülmüş yolların nəqliyyata mane olduğunu qeyd edən Muhari bəzi körpülərə, evlərə və nəqliyyat vasitələrinə də ziyan vurduğunu qeyd edib.
Qeyd edək ki, milyonlarla insanın dağlıq ərazilərdə və münbit düzənliklərin yaxınlığında yaşadığı 17 min adadan ibarət İndoneziyada mövsümi yağışlar tez-tez daşqınlara və sürüşmələrə səbəb olur.