“Azərbaycan Silahlı Qüvvələrinin cənab İlham Əliyevin rəhbərli ilə əldə etdiyi böyük zəfərə görə hər birimizi təbrik edirəm. Azərbaycanla Türkiyənin qardaşlığı nəticəsində bütün region ölkələrinin sülh və əmin-amanlıq şəraitində yaşamasına imkan yaradacağına ümid edirik”.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib.
Hulusi Akar deyib ki, Türkiyə ilə Azərbaycanın birliyi dostluqdan çox öndədir: "Birgə təlimlər və əməliyyatlar zamanı şahid olduq ki, Azərbaycanla Türkiyə həqiqətən bir millət, iki dövlətdir. İki millətin ordusu bir ordu kimi 44 günün sonunda qələbəyə nail oldu. Amma Azərbaycanla Türkiyənin qardaşlığı tək hərbi sahədə və yalnız 44 günlə bağlı deyil. Hər sahədə əməkdaşlığımız var və getdikcə də inkişaf edir”.
Nazir deyib ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın haqlı mübarizəsində yanında olmağa davam edəcək: “Bundan heç kimin şübhəsi olmasın. Biz bunu ölkə daxilində və xaricində keçirilən bütün platformalarda müttəfiq ölkələrə dönə-dönə anlatdıq və yorulmadan anlatmağa davam edirik”.