Ermənistandakı “Tashir Pizza” restoranlar şəbəkəsində zəhərlənən vətəndaşların sayı 122 nəfərə çatıb, 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir, bağırsaq infeksiyası əlamətləri olan 21 xəstə azyaşlıdır.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Bildirilib ki, noyabrın 6-da saat 16:00-a olan məlumata görə, 19-u azyaşlı olmaqla, 88 nəfər stasionar müalicə alır. 34 xəstə evə buraxılıb, 64 nəfərin Milli Yoluxucu Xəstəliklər Mərkəzində, 10 nəfərin “Ermənistan” Respublika Tibb Mərkəzində, 12 nəfərin Mikaelyan adına Cərrahiyyə İnstitutunda, daha 2 nəfərin isə Martuni adına Tibb Mərkəzində müalicəsi davam etdirilir. 6 nəfərin səhhətinin vəziyyəti ağır, digərlərinin isə qənaətbəxş qiymətləndirilir.
Bundan əvvəl “Tashir Pizza” şəbəkəsi müştərilərin kütləvi şəkildə zəhərlənməsindən sonra yaranmış problemi müəyyən və həll etmək üçün qida satış məntəqələrini müvəqqəti bağladığını açıqlamışdı.