2021-ci ildə prokurorluq orqanları tərəfindən korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2021-ci ilin yekunlarına dair keçirilən müşavirədə bildirilib. Məlumata görə, il ərzində 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub. Eləcə də cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat ödənilib.

Bundan başqa hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi verilib.