Bakıda 7 avtomobildən oğurluq edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xocəsən və Sulutəpə qəsəbələri ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən Salyan rayon sakini Tərlan Abdullayev tutulub.
Ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitafon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkar edilib.
Saxlanılan şəxs barəsində 40-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Abdullayevin digər cinayətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.