Fevralın 25-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 26 Fevral -Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, Dövlət Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərləri, könüllü gömrükçü dəstəsinin üzvləri eləcə də qonaq qismində dəvət olunan şəhid ailələlərinin nümayəndələri və Vətən müharibəsi qaziləri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar tələbələr tərəfindən təşkil olunmuş Xocalı soyqırımını əks etdirən “Zülmün surəti” adlı rəsm sərgisi ilə tanış olublar. Akademiyanın rəisi Qulu Novruzov tələbələrin əl işlərindən ibarət olan rəsm sərgisi barədə tədbir iştirakçılarına məlumat verib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Unikal"a verilən məlumata görə, tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımı qurbanlarının xatirəsinin bu il kədər və hüzn hissləri ilə yanaşı, həm də qürurla yad edildiyini qeyd edib. Xocalı həqiqətlərindən bəhs edən Qulu Novruzov 30 il öncə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının kütləvi terror aktı kimi yaddaşlarda əbədi iz buraxacağını və bu faciənin unudulmayacağını bildirib. Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Akademiya rəisi məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyətinin və günahkarlarının üzə çıxarıldığını vurğulayıb.
Qulu Novruzov ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı sayəsində torpaqlarımızın işğaldan azad olunması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı diqqətə çatdırıb.
Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Akademiya rəisi, onlara ölkəmizin tarixi həqiqətlərini daha dərindən öyrənməyi və müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmağı tövsiyə edib.
Daha sonra tədbir Akademiyanın tələbələrinin ifasında ədəbi-musiqili kompozisiya ilə davam edib.