Azərbaycan gömrükçüləri konteynerlərdə axtarış sahəsində türkiyəli həmkarlarının təcrübəsini öyrənmək üçün İzmir şəhərində beşgünlük təlimdə iştirak ediblər.
DGK-dən "Unikal"a verilən məlumata görə, “Konteynerlərdə təhlükəsiz və effektiv axtarış sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” adlı həmin təlim Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə keçirilib.
İzmir limanında təşkil olunan təlimə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 əməkdaşı qatılıb.
Təlim prosesində Türkiyənin Ticarət Nazirliyi Gömrük Mühafizə İdarəsinin mütəxəssisləri öncə iştirakçıları xidməti fəaliyyət zamanı limanda təhlükəsiz iş mühitinin formalaşdırılması mövzusunda məlumatlandırıblar. Eyni zamanda, konteynerlərin növləri, xüsusi qaçaqmalçılıq üsulları və qaçaqmalçılıq zamanı istifadə olunan gizli saxlanc yerləri barədə məlumatlar verilib.
Bundan başqa, təlim zamanı limana daxil olmadan gəmi və gəmidəki konteynerlərə dair məlumatların əvvəlcədən toplanılması, risk analizi və riskin dərəcələri, mənşə ölkəsi, tranzit daşımalar üzrə və əməliyyat məlumatlarına istinadən müəyyən olunan risk meyarları, habelə yaranan riskə görə həyata keçirilən fiziki yoxlama və sənədli nəzarətə dair təqdimatlar keçirilib.
Azərbaycan gömrükçüləri İzmir bölgəsinin müxtəlif limanlarına da səfər edib, burada gömrük işinin təşkili, gömrük nəzarətinin tətbiqi və gömrük əməliyyatlarının idarə olunması proseslərini müşahidə ediblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.