Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans baş tutub.
"Unikal" xəbər verir ki, elmi-praktik konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztür, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusifov, idarə-müəssisə və təşkilat rəhbərləri, şəhər ziyalıları, tələbə-gənclər iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi-praktik konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, qədim tarixə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda böyük faciələr və soyqırımlarla üzləşib. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Belə ki, Bakı və ətraf ərazilərdə azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriliblər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 20-ci əsrin sonlarında bir daha təkrarlanıb. 1992-ci ilin fevralında ermənilər Xocalıda yerli əhaliyə qarşı yenidən soyqırım törətdilər. O, qeyd edib ki, 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman böyük tarixi əhəmiyyət daşıyır. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk çıxış edərək bildirib ki, xüsusi vəhşiliklə törədilən bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün türk dünyasına qarşı nifrətin təcəssümüdür. Bu, bütün türk dünyasının problemidir və buna görə də Türkiyə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsində həmişə Azərbaycanla eyni mövqeyi tutur. Bir sıra tarixi faktlara nəzər salan Zeki Öztürk, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etdiyini bildirib, bütün şəhidlərə Allahdan rəhmət diləyib.
Elmi-praktik konfransın davamında “31 Mart soyqırımının Azərbaycan ədəbiyyatında əks sədası”, “31 Mart soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir”, “Ermənilərin soyqırım siyasətinin tarixi kökləri”, “Azərbaycanlıların soyqırımına hüquqi-siyasi qiymət verilməsi” və “31 mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir” mövzularında məruzələr dinlənilib.
Yekunda Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans iştirakçıları adından bəyanat səsləndirilib. Konfrans iştirakçılarının təklif edəcəyi əlavə və dəyişikliklər nəzərə alınaraq, Bəyanat qəbul ediləcək və ictimaiyətə təqdim olunacaqdır.