"Bu bir həqiqətdir ki, israfçılıq var. Məsələn, evimizə 5 nəfər qonaq gəlirsə, onun əvəzinə 25 nəfərə yemək hazırlayırıq. Yeməyin çoxu isə qalır. Bu məhsul sonra tullanmalı olur. Bəzən evə bir çörək lazımdırsa, 4-ü alınır. Onun biri yeyilir, digər hissəsi isə atılır".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, şadlıq saraylarında süfrəyə 15-20 adda qida məhsulu düzülür, onun cəmi 20 faizindən istifadə olunur:
"Bu məhsulun qalanı hara gedir? Bunu düşünmək lazımdır. Həmin ərzağın qalanı təkrarən süfrəyə qoyulursa, bu daha pisdir. Tibbi qaydada buna yanaşsaq, bədənimizin zəhərlənməsidir. Ola bilər ki, süfrəyə təkrar qoyulan qida qəbul etdiyimiz zaman bizə təsir etməsin. Bir neçə gündən sonra müəyyən fəsadlarını göstərəcək. Süfrəyə düzülən məhsulların hamısı yeyilmir. Əgər həmin məhsul istehlak olunmursa, nə üçün süfrəyə qoyub zay edirik? Biz bu gün bahalaşmadan danışırıqsa, fikirləşməliyik ki, tələbatım olan qədər istifadə edim. Bir vətəndaş kimi bunu deməliyəm. Bir adam şadlıq evində 200-250 manatlıq qida məhsulu yeyə bilərmi? Bu, mümkün deyil. Hansısa çayxanada əyləşirsən və tək çay içmək istəyirsən. Onu yanında ləpə, bir neçə cür şirniyyat verir. Deyir bu olmalıdır. Axı bunun hamısını yemək olmur. Qalxanda baxırsan hesab 30-40 manat etdi. Halbuki 1 stəkan çay içmək istəyirsən. Hər birimiz vətəndaş olaraq belə hallara qarşı mübarizə aparmalıyıq. Sahibkar istəyir ki, məhsulu satılsın. Amma biz cibimizi, səhhətimizi qorumalıyıq. O fikirdəyəm ki, ərzaq təhlükəsizliyinin təmin olunması vacibdir. Burada israfçılığın qarşısının alınması çox böyük rol oynayır".
Anar Kəlbiyev