Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi, müəllimlər, universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu gün Quba rayonuna səfər edib.
"Unikal" xəbər verir ki, səfər zamanı Universitetin nümayəndə heyəti 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, məzarlığın önünə tər çiçəklər düzüblər.
Əcnəbi gənclər kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı gənclər muzey ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları, soyqırımı əks etdirən şəkillərlə tanış olublar, onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verilib. Muzey əməkdaşları erməni quldurlarının Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə həyata keçirdikləri kütləvi qətliamlardan, 12 minə yaxın insanın öldürülməsindən, mindən artıq kəndin yandırılması və dağıdılmasından danışıblar. Diqqətə çatdırılıb ki, Soyqırımı ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tələbələrə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi barədə də geniş məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam verib. 18 yanvar 2018-ci ildə isə dövlət başçısı 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.