Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örli Litzenberger Lənkərana tanışlıq səfərinə gəlib.
"Unikal" xəbər verir ki, səfir səfər proqramı çərçivəsində əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı ABŞ-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edən icra başçısı rəsmi qonağa rayonun tarixi, coğrafi mövqeyi, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə də ətraflı məlumat verib.
Səmimi qəbula və xoş söhbətə görə İcra başçısına təşəkkür edən səfir Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu xarici siyasəti yüksək dəyərləndirib və bu siyasətin ABŞ-la Azərbaycan arasındakı əlaqələrin etibarlı partnyorluq səviyyəsinə yüksəltməyindəki rolunu xüsusi qeyd edib.
Qonaq Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin bundan sonra da davam edib möhkəmlənməsinə səy göstərəcəyini bildirib. Sonra səfir Lənkəran Dövlət Universitetinə baş çəkərək rektor, bir qrup müəllim və tələbələrlə görüşüb, orada yeni təşkil olunan Amerika Guşəsinin, eləcə də universitetin nəzdində ABŞ-ın USAİD qeyri-hökumət təşkilatının komputer mərkəzinin açılışında iştirak edib.
Həmin gün səfir Bakı şəhərinə yola düşüb.