Bu gün Milli Qəhrəman, şəhid Həmidov Şükür Nəriman oğlunun doğum günüdür. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbirlər keçirilib. Əvvəlcə şəhidin ailə üzvləri ilə görüş keçirilib, Sumqayıt şəhəri, 40-cı məhəllədə yaşadığı binanın girişində ucaldılmış abidəyə, daha sonra Bakı şəhəri, 2-ci Fəxri Xiyabanda Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyulub.
"Unikal" xəbər verir ki, ziyarət zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları, RİH-nin məsul işçiləri, YAP rayon təşkilatının rəhbərliyi, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Şəhidin ailə üzvləri və ictimayyət nümayəndələri iştirak ediblər. Tədbirdə RİH başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov polkovnik, Milli Qəhrəman Şükür Həmidovun keçdiyi döyüş yolundan danışıblar. Cənab Prezidentin tapşırığına əsasən rayonda hazırlanmış tədbirlər planına uyğun şəhid ailələrinə göstərilən diqqət və qayğını xatırladıblar. Şükür Həmidovun timsalında bütün şəhidlərə rəhmət diləyiblər.
Müdafiə Nazirliyinin əməkdaşları Şükür Həmidovun qəhrəmanlıqlarından danışaraq onun daima qəlbimizdə yaşayacağını söyləyiblər.
Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxunub. Daha sonra hərbi orkestr səsləndirilib.
Tədbir Milli Qəhrəman Şükür Həmidovun adını daşıyan Xanlıq kənd 3 saylı tam orta məktəbində davam etdirilib. Məktəblilərin ifasında əbədi-bədii kompozisiya nümayiş olundu və incəsənət xadimlərinin ifasında muğam parçaları səsləndirilib.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası cənab Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırıb. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa edib. Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb olub.
Şəhidin döyüş yoldaşları Şükür Həmidovun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışaraq öz xatirələrini bölüşüblər.
Şəhid, Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.