“Azəriqaz”a məxsus smart tipli “GallusPay” sayğaclarının kartlarını NFC təminatı olan telefonlar vasitəsi ilə balansını artıraraq, bu sayğacları onlayn yükləmək mümkün olacaq”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Şöbə rəisi bu ödənişlərin ilkin olaraq “E-Manat” terminallarında mümkün olacağını qeyd edib. “Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli “Zenner” tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir”, – deyə, şöbə rəisi bildirib.
Birliyin 104 Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan “yalançı məbləğlərlə” bağlı məsələyə aydınlıq gətirib. Şöbə rəisi sözü gedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də, kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır. Şöbə rəisi sözügedən problemin həm terminal, həm də Birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.