Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, tədbiri açan parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bugünkü görüşdə rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması tədbirləri, inflyasiya və süni qiymət artımları ilə mübarizə, dövlət satınalmalarındakı vəziyyət kimi mövzular ətrafında fikir mübadiləsi aparılacağını bildirib.
O, mövzuların kifayət qədər aktual olduğunu və parlamentin həm plenar, həm də komitə iclaslarında, eyni zamanda seçici və vətəndaşlarla görüşlərdə bu məsələlərin qaldırıldığını qeyd edib.
Komitə sədri rəqabətlə bağlı qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasından danışıb, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi, praktika və vərdişlərin dəyişdirilməsi zərurətinə toxunub.
Sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən dövrdə xidmətin antiinhisar və haqsız rəqabət, dövlət satınalmalarına, keyfiyyət infrastrukturuna nəzarət, istehlakçıların hüquqlarının müdafiəsi kimi ümumi fəaliyyət istiqamətləri üzrə gördüyü işlər, əldə edilən nəticələrdən danışıb.
Xidmət rəisi sosial əhəmiyyətli əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsindən, inflyasiya proseslərinin cilovlanması tədbirlərindən, təbii inhisarçılara dövlət nəzarətinin gücləndirilməsi, telekommunikasiya sahəsində, o cümlədən internet xidmətləri ilə bağlı aparılan optimallaşma işlərindən bəhs edib.
O, rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması üzrə Milli Strateji Proqramdan, Rəqabət Məcəlləsinin hazırlanması, dövlət satınalmaları haqqında, daxili ticarət haqqında qanunvericiliyin təkmilləşdirilməsi, bu sahələr üzrə təklif olunan yeni yanaşmalar barədə məlumat verib.
Sonra müzakirə olunan mövzular üzrə komitə sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, deputatlar Rüfət Quliyev, Aydın Hüseynov, Etibar Əliyev, Mahir Abbaszadə, Vüqar Bayramov, Məşhur Məmmədov çıxış ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə deputatlar məhsulların bazarlara çıxışının çətinliklərindən, keyfiyyət standartlarının tətbiqinin genişləndirilməsindən, telekommunikasiya sahəsindəki qiymətlərin optimallaşdırılmasından söz açıblar.
Millət vəkilləri inhisarçılıq və süni qiymət artımları ilə mübarizə, sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, dövlət satınalmaları sahəsində tenderlərin keçirilməsinin təkmilləşdirilməsi, elektronlaşmanın artırılması, yerli istehsalçı şirkətlərin bu tenderlərdə iştirakı ilə bağlı maneələrin aradan qaldırılması kimi məsələlər barədə fikirlərini bildiriblər.