Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilmişdir. Bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər.
Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynov "Unikal"-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Azərbaycan üfüqündə 01 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğmuşdur. Həmin gün 19.04-də Günəş batmış, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batmışdır. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilmişdir. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec 20:23 də batacaqdır. Hilalın işıqlanması 2% olacaqdır. Adi gözlə Hilalı Azərbaycan üfüqündə iki gecəlik tam müşahidə etmək mümkün olacaqdır. Beləliklə QMİ-nin verdiyi fətva Azərbaycan üfüqü üçün tam həqiqəti əks etdirir. Xalqımızı mübarək ayın başlanması münasibətilə təbrik edirəm.