Əbülfəs Qarayev Vidadi İsayevə uduzdu
02:33 05-04-2012
CƏMİYYƏT
Əbülfəs Qarayev Vidadi İsayevə uduzdu
Nazir işçisini icra başçısından qoruya bilmədi
Bərdənin icra hakimiyyətində düşən dava haqqında yeni bilgilər var. Biz ötən saylarımızda həmin dava barədə ətraflı danışmışıq deyə, qısaca onu xatırladaq ki, qalmaqallı olay martın 28-də axşam saatlarında Bərdənin icra başçısı Vidadi İsayevin rayon rəhbərliyi ilə keçirdiyi müşavirədən sonra baş verib.
Belə ki, Vidadi İsayevlə rayonun mədəniyyət və turizm idarəsinin müdiri Soltan Həsənov arasında mübahisə yaranıb. Bundan sonra təhsil şöbəsinin müdiri Rəhilə İsmayılova və Bərdənin Əli adlı icra nümayəndəsi çıxış edərək Vidadi İsayevi müdafiə edib. İcra nümayəndəsinin çıxışı Soltan Həsənovu lap hiddətləndirib. İdarə müdiri icra nümayəndəsinə bildirib ki, o da icra başçısının tayıdır. Müşavirə gərgin atmosferdə başa çatıb. Müşavirədən sonra dəhlizdə Vidadi İsayevin tikinti məsələləri üzrə müavini Vidadi İmanquliyev Soltan Həsənova yaxınlaşaraq onun icra başçısı ilə bu sayaq danışmasına etiraz edib. Bu idarə müdiri ilə başçının müavini arasında mübahisəyə səbəb olub. Mübahisə davaya çevrilib. Vidadi İmaquliyev başı ilə Soltan Həsənovun sifətinə zərbə endirib. Ətrafda olan məmurlar onları güclə ayırıb.
"Unikal" olaraq onu da bildirmişdik ki, Soltan Həsənov artıq döyülməsi ilə bağlı rayon prokurorluğuna şikayət edib. Prokurorluqdan bunu təsdiqləyib araşdırma aparıldığını demişdilər.
Belə bir vaxtda isə başqa bir yeni məlumat var, bu da artıq Soltan Həsənovun işdən azad elilməsi ilə bağlıdır. Bizdəki bilgilərə görə, idarə rəisi olayın ertəsi gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ərizə yazaraq işdən azad edilməsini istəyib. Dünənsə nazir Həsənovun ərizəsini müsbət cavablandırıb.
Açıq demək lazımdır: sözügedən olay başqa hansı nazirin işçisi ilə bağlı baş versə, tam əksi bir situasiyanın şahidinə çevrilərdik. Həmin nazir icra başçısına açıq savaş elan edir, işçisini vəzifəsində saxlamaqla yanaşı, icra başçısını da lazım gəldiyi şəkildə cəzalandırar, yaxud da cəzalatdırardı.
Amma Əbülfəs Qarayev fərqli bir addım atdı: Bərdədəki nümayəndəsinin icra başçısı tərəfindən aşağılanmağa çalışmasına da, icra başçısının müavini tərəfindən döyülməsinə də səsiz qaldı. Səssiz qalması bir yana, hətta həmin işçisini vəzifəsindən azat etməklə əslində özünün nazir statusunun Bərdənin icra başçısı yanında gücsüzlüyünü göstərdi.
Vidadi İsayev və Vidadi İmanquliyevin Soltan Həsənova qarşı davranışları əslində həm də idarə rəisinin birbaşa tabe olduğu Əbülfəs Qarayevə meydan oxumaq idi. Və belə görünür ki, Qarayev bunun fərqində ola-ola işçisi ilə (dolayısı yolla həm də özü ilə!) bu cür rəftarı özünə sığışdırır, özünə rəva görür.
Son olaraq, Soltan Həsənovun Vidadi İsayevlə mübahisəsi zamanı ondan işdən çıxmasını istəyən icra başçısına verdiyi cavabı xatırladırıq. İdarə rəisi demişdi: "Mənim nazirim var, siz kimsiniz ki, sözünüzlə ərizə yazım?!"
Zaman göstərdi ki, Soltan Həsənov Əbülfəs Qarayevə bu qədər güvənməkdə, etimad göstərməkdə, etibar etməkdə yanılıbmış - bəli, onun naziri var, ancaq öz işçisini bir icra başçısından qorumayacaq qədər gücsüz, "dişsiz", zəif bir nazirdir.
Digər rayonların mədəniyyət və turizm idarəsi rəislərinə yəqin Soltan Həsənovla bağlı baş verənlər yaxşı dərs olar. İşlərini ehtiyatlı tutarlar artıq.
Zaur Ağasıoğlu
Digər Xəbərlər
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21