Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dilinin milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.
Ulu öndərimiz Heydər Əliyevin ana dilimizin qorunub-mühafizə olunmasında müstəsna xidmətləri olmuşdur. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. SSRİ-nin tərkibinə daxil olan milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Həmin vaxt Azərbaycan SSR-nın rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarət və qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli Liderimiz Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu Azərbaycan dilinin tarixində, bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyan tarixi təşəbbüs idi. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi vəUlu Öndərimiz bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.
Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi ““Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Azərbaycan dili tarix boyu Azərbaycan xalqının mənsub olduğu mədəniyyətin güzgüsü olmaqla yanaşı, eyni zamanda xalqımızın müstəqillik və mübarizə əzminin də daşıyıcısına çevrilmişdir.
Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmış, məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Azərbaycan xalqı 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, Azərbaycan dilinin dərin bilicisi olan Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Həmin fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud problemlər də geniş təhlil edilmiş, onların həlli yolları göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması da ulu öndər Heydər Əliyevin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderimizin 2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.Cənab Prezidentimizin də qeyd etdiyi kimi: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.”
İsa Eminov
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı