Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
"Unikal" xəbər verir ki, tədbirdə sakinlər rayon ərazisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, iş yerlərinin açılmasında və işə düzəldilməsində və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş edib.
Yekunda RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunda yeni iş yerlərinin yaradılması, investorların cəlb edilməsi və sərmayə qoyulması istiqamətində addımların atıldığını qeyd edərək hazırda rayon ərazisində böyük sahibkarlıq obyektlərinin fəaliyyət göstərdiyini bildirib.
Növbəti gün isə rayonun Masazır kəndində sakinlərin səyyar qəbul-görüşü keçirilib. 5 nömrəli tam orta məktəbdə baş tutan qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Qəbuldan əvvəl Masazır kəndində məişət tullantılarının yığılmasında istifadə olunacaq yeni alınan xüsusi avtomobilin təqdimatı keçirilib. Bildirilib ki, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin maddi texniki bazasının gücləndirilməsi, şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrdə məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra proqramlar həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq artıq idarənin 2 xüsusi avtomobillə təmin olunduğunu və onlarından birinin Xırdalan şəhərində, digərinin isə Masazır kəndi ərazisində yaranan məişət tullantılarının yığılmasında istifadə ediləcəyi qeyd edilib. O da vurğulanıb ki, gələn ay daha 2 yeni avtomobil gətiriləcək və rayonun bütün kənd və qəsəbələrində məişət tullantılarının toplanması müasir avtomobillər vasitəsi ilə həyata keçiriləcəkdir.
Məktəbin akt zalında davam etdirilən qəbulda RİH başçısı hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini qeyd edərək son illərdə Masazır kəndində sakinlərin sayının sürətli artımının və bununla əlaqədar olaraq bəzi təlabatların yaranmasının müşahidə edildiyini söyləyib. Həmin məsələlərin qarşılanması istiqamətində müvafiq addımların atıldığını vurğulayan başçı kənd və qəsəbələrin problemlərinin dərindən öyrənildiyini və xüsusi proqramların hazırlandığını qeyd edib.
Sakinlər də öz növbəsində şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlərin görülməsində, daxili küçələrin abadlaşdırılmasında, kəndin məişət tullantılarından təmizlənməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş edib.
Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.