Zəngin ifadə imkanlarına malik olan Azərbaycan dilinin qədim tarixi vardır. Tarixin müxtəlif dövrlərində ana dilimiz bir çox təsirlərə məruz qalsa da xalqımız bu dili qoruyub yaşatmış və yetişən növbəti nəsillərə ötürmüşdür. Milli dilimiz üçün çətin dövlərdən biri ölkəmizin Sovetlər birliyinin tərkibində olduğu illər, xüsusilə də 1970-ci illərin ortaları olmuşdur. Lakin Azərbaycanın dahi oğlu Heydər Əliyevin cəsarəti və şəxsi təşəbbüsü nəticəsində Azərbaycan dili zamanın bu sınağından da uğurla çıxa bilmişdir. Belə ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”, maddəsi öz əksini tapmışdır. Sovetlər dövründə Azərbaycan dilinin mənfi təsirlərə məruz qalmasının qarşısını almaq üçün dahi şəxsiyyət hər zaman öz gücünü səfərbər etmiş, xalqımızın milli sərvətini qoruyub saxlaya bilmişdir.
Xalqımız müstəqillik əldə etdikdən sonra ana dilimiz bütün təsirlərdən azad olmuş və ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan dili özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Hər millətin özünə məxsus ana dili var ki, bu onun milli sərvətidir. Ana dili millətin mənəvi diriliyidir. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir. Ulu öndərimiz Heydər Əliyev öz ana dilini bilməyənləri “şikəst” adlandırırdı. Dahi şəxsiyyət Heydər Əliyev ana dilimiz haqqında demişdir: “Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini-Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz.”
Ulu öndər Heydər Əliyevin ana dilimz haqqında söyləmiş olduğu bu müqəddəs sözlərə diqqət yetirdikdə bir daha Azərbaycan dilinin nə qədər səlis, geniş və zəngin ifadə imkanlarına malik olduğunu görmək olur. Eyni zamanda ümummilli liderimiz bu nitqi ilə hər bir vətəndaşın, xüsusilə də gənclərin qarşısında müqəddəs bir vəzifə qoymuşdur. Bu müqəddəs vəzifə ana dilimiz olan Azərbaycan dilinin mükəmməl öyrənilməsi və onun qorunub saxlanmasıdır.
Bu işdə ulu öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmiş, həmçinin hər bir azərbaycanlıya böyük örnək olmuşdur. Belə ki, bütün xarici ölkələrə səfərləri zamanı öz çıxışlarını dövlət dilimiz olan Azərbaycan dilində etməsi ana dilimizin təbliğatı sayəsində görlmüş böyük işlərdir. Azərbaycan dilinin inkişafı naminə görülmüş işlər bununla yekunlaşmır. Ümummilli lider Heydər Əliyev bu sahədə bir çox fərman və sərəncamlar imzalamışdır. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar verildi. Məhz 2001-ci il avqustun 9-da imzalanan Fərmana əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzalamış olduğu “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı özündə bir çox məqsədləri cəmləşdirirdi. Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi kimi məsələlər gündəmdə olmuşdur. Bu Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradılmış və Azərbaycan Respublikasında dövlət dili haqqında qanun layihəsini hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Həmçinin Azərbaycan Respublikasının nazirlik, idarə, təşkilat və müəssisə rəhbərləri öz tabeliklərində olan qurumlarda dövlət dilinin və latın qrafikasının tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli kompleks planlar hazırlayıb həyata keçirmişlər. Bu Fərmanın tələbindən irəli gələrək Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bir sıra tədbirlər planları həyata keçirmiş, ölkədə yayımlanan telekanallarda nümayiş etdirilmək üçün alınmış xarici kino və televiziya məmulatlarının Azərbaycan dilinə dubliyajı məsələləri öz həllini tapmışdır. Eyni zamanda ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər bütövlükdə latın qrafikasına keçməsini təmin etmişdir.
2002-ci il sentyabr ayının 30-da 3 fəsil 20 maddədən ibarət “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 2003-cü ilin yanvarın 2-də isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Fərman imzalandı.
Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyev də Azərbaycan dilinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirməkdədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət dilin yad təsirlərdən qorunub saxlanması və inkişafını təmin etmək məqsədilə müxtəlif fərman və sərəncamlar imzalamışdır.
Müdriklərdən Hegel demişdir: “Ana dilində danışmaq böyük mədəniyyətdir”. Müstəqil Azərbaycanımızın hər bir vətəndaşına isə bu böyük mədəniyyəti məhz ümummilli liderimiz Heydər Əliyev öyrətdi. Ulu öndərimiz bunu bütün çıxış və nitqlərini ana dilimizdə etməklə, həmçinin Azərbaycan dilinin inkişafına göstərdiyi xidmətləri ilə etmiş oldu. Bütün bunlara əsaslanaraq müstəqil Azərbaycanımızın hər bir vətəndaşı, ən əsas da gənclərimiz ümummilli liderimizin bu müqəddəs amallarına sadiq qalaraq ana dilimizi mükəmməl bilməli və onu qoruyaraq gələcək nəsillərə ötürməlidir. Bunu ona görə etməliyik ki, Azərbaycan adlı bir məmləkət, xalqımız və ana dilimiz daim mövcud olsun.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatın məsul əməkdaşı