Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşa şəhərində Zəfər Qurultayı mühüm bir dövrə - “Şuşa İli”nə təsadüf etməsi, böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi mesaj oldu. Dünyanın hər yerindən buraya toplaşmış Dünya Azərbaycanlılarının V qurultayının nümayəndələri xalqımızın soykökünə, tarixinə, mədəniyyətinə və azadlıq eşqinə bağlılıqlarını ifadə etdilər. Qurultay nümayəndələri Zəfər yolu ilə Şuşaya doğru irəlilədikcə insanları həyəcanlandıran ziddiyyətli mənzərələrə şahid olurdular. Bir tərəfdən, 30 il ərzində erməni vandalizminin xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastrukturu ürək ağrısız seyr etmək mümkün deyil, digər tərəfdən isə simurq quşu kimi külündən yenidən yaranan, bərpa edilən və dirçələn Qarabağda aparılan işlər fərəh doğurur.
Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu qurultayda səsləndirilən mesajlar, nişan verilən hədəflər bizi işıqlı gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcək. Bu baxımdan düşünürəm ki, bundan sonra da birlikdə Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Qurultayda çıxış edən cənab president İlham Əliyevin də qeyd etdiyi kimi: “XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır.
Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı - Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra – 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi. Azərbaycanlılar öz tarixi torpaqlarından Azərbaycanın Mil-Muğan zonasına zorla köçürülmüşdür. O Azərbaycana qarşı bu edildi ki, İkinci Dünya müharibəsində 300 min Azərbaycan övladı müharibəyə getdi, qayıtmadı. Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov