Bu gün Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşü olub.
"Unikal" xəbər verir ki, Zəfər Qurultayında iştirak etmək üçün Azərbaycanda olan qardaş ölkənin millət vəkilini səmimiyyətlə salamlayan Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bildirib ki, Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşa şəhərində Zəfər Qurultayı mühüm bir dövrə - “Şuşa İli”nə təsadüf etməsi, böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi mesaj oldu. Dünyanın hər yerindən buraya toplaşmış Dünya Azərbaycanlılarının V qurultayının nümayəndələri xalqımızın soykökünə, tarixinə, mədəniyyətinə və azadlıq eşqinə bağlılıqlarını ifadə etdilər.
Əhliman Əmiraslanov hazırda işğaldan azad olunmuş torpaqlarda gedən bərpa və quruculuq işlərində də Türkiyə şirkətlərinin yaxından iştirak etdiyini məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycana münasibətdə “bir millət, iki dövlət” məntiqi ilə hərəkət etdiklərini bildirən nümayəndə heyətinin başçısı, TBMM-də Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb. Azərbaycan xalqının və Ordusunun Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi Qələbəyə nail olduğunu qeyd edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib, onların valideynlərinə ehtiramını bildirib. Zəfər qurultayında iştirakından qürur duyduğunu bildirib.
Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov və Bəhruz Məhərrəmov dostluq və əməkdaşlığa dair fikirlərini bölüşüblər. Əminlik ifadə ediblər ki, qardaş Türkiyənin dünyada önəmi getdikcə artacaq. Xalqlarımızı və parlamentarları sarsılmaz dostluq tellərinin bağladığını vurğulayıblar.
Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.