Bu gün Azərbaycan Dillər Universitetində Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə “Pandemiya və post-pandemiya siniflərində əlçatanlıq, bərabərlik və inklüzivliyi əks etdirən birləşmə, yenidən tənzimləmə və dərsin yenidən qurulması” mövzusunda Beynəlxalq Əməkdaşlıq üzrə Təhsil Konfransının açılış mərasimi baş tutub.
"Unikal" xəbər verir ki, konfransın moderatoru Səyanə Bağırova konfrans iştirakçılarını salamlayıb, təşkilatçılığa görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, konfransda Kaliforniya Dövlət Universitetinin məzunları sayılan Portuqaliya, Uruqvay, Norveç, İsrail, Qırğızıstandan olan professor-müəllim heyəti ilə yanaşı Kaliforniya Dövlət Universitetinin Liberal Tədqiqatlar fənnləri üzrə kordinatorları professor Maris Tompson və Kaliforniya Dövlət Universitetinin Multikultural fənnlər mərkəzinin direktoru professor Çarlez Zartman məruzələrlə çıxış edəcəklər.
ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirkaçılarına uğurlar arzu edib, qonaqları universitetdə görməkdə məmnun olduğunu bildirib. Konfransın əhəmiyyətindən danışan Kamal Abdulla bildirib ki, pandemiya dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də bir sıra problemlər ortaya çıxmışdır. Bu problemləri aradan qaldırmaq üçün yeni imkanlardan və mövcüd şəraitdən səmərəli istifadənin zəruriliyi hər kəsə məlum oldu. Konfransda iştirak edən xarici ölkələrdən gələn professor müəllim heyətinin əsl multikultural dəyərlərə sadiq olan və bu dəyərləri yaşadan nümayəndələrin olması diqqətə çatdırılıb.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan hərtərəfli inkişaf strategiyası sayəsində Azərbaycanın artıq siyasi və iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, beynəlxalq arenada söz sahibi olduğunu qeyd edən Kamal Abdulla regionda həyata keçirilən və dayanıqlı inkişafa hədəflənən irimiqyaslı layihələrdə Azərbaycanın əsas təşəbbüskar və iştirakçı dövlətlərdən olduğunu diqqətə çatdırıb.
İnkişafın yeni hədəflərinin elmi əsaslarının hazırlanmasının vacibliyini qeyd edən rektor konfrans çərçivəsində aparılacaq müzakirələrin və yaradılacaq tərəfdaşlıqların tələbələrin və müəllimlərin gələcək elmi inkişafında önəmli rol oynayacağına əminliyini ifadə edib.
Təhsil Nazirinin müşaviri Nicat Məmmədli konfransın təşkilatçılarına, ADU rəhbərliyinə və kollektivinə yaradılan şəraitə görə öz minnətdarlığını bildirib. Bəşəriyyətin qarşısında duran qlobal problemlərin dünyada davamlı inkişafa nail olunmağı zəruri vəzifəyə çevirdiyini bildirən müşavir konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edib. Müasir tələblərə cavab verən təhsil sistemi və mütəxəssis hazırlığı üzrə yeni çağırışlardan danışan müşavir konfransda bu istiqamətdə ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini söyləyib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
ABŞ-ın Azərbaycandakı Mədəniyyət işləri üzrə konsulu Riçard Pinkham tədbir iştirakçılarını Azərbaycan dilində salamlayıb. Konfransda iştirakından məmnun olduğunu bildirən konsul tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, təhsilin yeni istiqamətləri post-pandemiya dövründə xüsusi araşdırlır və təhsillə bağlı bir sıra vacib addımlar atılır.
Qeyd olunub ki, beynəlxalq əlaqələrin qurulması, təhsil mübadiləsinin aparılması ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasına imkan yaradır. Söylənilib ki, Azərbaycan bu imkandan səmərəli şəkildə istifadə edir.
Daha sonra Kaliforniya Dövlət Universitetinin əməkdaşları: fənlər mərkəzinin direktoru professor Çarlz Zartman, Liberal fənlər üzrə kordinatoru professor Maris Tompson, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Bethani Pineqar məruzələrlə çıxış ediblər. Çıxışçılar ADU rəhbərliyinə və konfrans iştirakçılarına təşəkkürlərini bildiriblər. Yeni təhsil çağırışlarına və təhsil imkanlarına hər kəsin qoşulması üçün müraciətlər olunub.
Konfrans seminar müzakirələlə davam edib.
Konfransın ikinci günündə – aprelin 26-da Kaliforniya Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Bethany Pinegar konfransın ümumi gedişatı haqqında məlumat verəcək, professor Çarles Zartmanın mühazirəsi dinləniləcək, seminar müzakirələri aparılacaq. Həmçinin Bethany Pinegarın tələbələrlə görüşü təşkil olunacaq. Bundan əlavə, professorlar Çarles Zartman və Maris Thompson tələbələrlə “Təhsilin rolu” mövzusunda müzakirələr aparacaqlar.