Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar qiymətləndirmə və məsləhət xidmətləri sahəsində yaxından dəstəyini davam etdirir. Müəssisələrdə fəaliyyətin müvafiq standartlarda təşkili, eyni zamanda iştirakçıların uyğun bilik və bacarıqlarının artırılmasına yönələn növbəti təlim Veysəloğlu Şirkətlər Qrupunun müraciətinə uyğun olaraq, “Araz” supermarketlər şəbəkəsində baş tutub.
"Unikal" xəbər verir ki, AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən təlim zamanı müəssisə daxilində iş sahələri və ərzaq saxlama otaqlarına hərtətəfli baxış keçirilib, işçilərə yerində metodiki məlumatlar verilib.
Eyni zamanda müəssisədə “Yeyinti məhsulları haqqında” qanun, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi, o cümlədən qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektlərində HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin mərhələli tətbiqi, prinsipləri barədə geniş məlumat və qanunvericiliyə müvafiq tələblər üzə tövsiyələr verilib.
Qeyd edək ki, qida təminatının aparıcı sektorları (ictimai-iaşə, pərakəndə satış, istehsalat, ayaqüstü qidalar) üzrə artıq bir neçə müəssisədə fərdi yanaşma şəklində uğurla icra olunan qiymətləndirmə və məqsədi xidmətlərinin məqsədi müəssisələrin beynəlxalq standartlara, həmçinin yerli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır.