20-24 aprel tarixlərində Qaradağ rayonun Sahil, Qobustan, Müşviqabad, Puta və Sanqaçal qəsəbələrində iftar süfrəsi açılıb.
"Unikal" xəbər verir ki, iftar süfrəsində şəhid ailələrinin üzvləri, qazilər, qəsəbələrin ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirlərin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək, Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr diləyiblər. Bir daha vurğulanıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
İftar mərasimində Qəsəbə məscidlərinin imamları Qurani-Kərimdən ayələr və Ramazan duası oxumuşlar. İmamlar müqəddəs kitabımız olan «Qurani Kərim»in nazil olduğu bu ayın fəzilətindən tədbir iştirakçılarına danışmışlar.
Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılacaqdır.