"Hamıya məlumdur ki, Qarabağın bərpasına 100 milyardlarla manat vəsait gərəkdir. Onu tək bir dövlət qarşılaya bilməz. Elə isə nə üçün Türk Dövlətləri Təşkilatı xeyirxah bir aksiya keçirmir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
O sual edib ki, yaxud, islam ölkələrinin xüsusi fərqlənməsi hazırki müqədddəs Ramazan ayının xeyirxahlıq, mərhəmət prinsiplərinə uyğun olmazmı?
"Minaların təmizlənməsinə hərəsi 10 milyon dollarlıq yardım etsə, tarixi Mina dağını ziyarət etmiş olarlar. O cümlədən, Amerikada general Corc Marşalın əməl varisləri Qarabağda azad edilən torpaqlarda bir küçənin bərpasını üzərlərinə götürə bilməzlərmi? 100 il əvvəl Xəzər dənizinə donanma ilə gələn general Tomsonun Qarabağda yeganə ali hakimiyyət rəhbəri kimi tanıdığı Xosrov bəy Sultanova münasibətini indi Britaniya hökuməti təkrarlasa, Şuşada bir məhəllənin quruculuğunu öz üzərlərinə götürsə, ədalətli olmazmı? İki dəfə Bakıya gələn Şarl de Qollun Müqavimət hərəkatında vuruşan azərbaycanlılara ehtiramını davam etdirmək üçün yenidən seçilən Makrondan çoxmu fədakarlıq tələb olunur? Axı həmin dövlətlər Qarabağda sülhdən milyardlar qazanacaqlar. Biz o şəhərlərdə hər kəsin əməlini öz adı ilə yazıb tarixiləşdirəcəyik. Ona görə də ölkə rəhbərinin Qarabağın Quruculuğuna Beynəlxalq Yardım Fondunun yaradılması ideyasını hər birimiz müdafiə edirik".
Anar Kəlbiyev