Evləri dağılan ailələr İcra Hakimiyyətinə gedərək təcili evlərinin bərpa olunmasını tələb edib.
"Unikal"-ın məlumatına görə, 5 ay öncə Mingəşevir şəhərinin Günəşli fərdi yaşayış massivi, 12-ci küçədə qaz sızması nəticəsində evlərdən birində baş vermiş güclü partlayış evin dağılmaına səbəb olub.
Baş verən hadisə həmin evin tamamən dağılmasına, daha 17 evin isə müxtəlif ölçülərdə dağıntılara məruz qalması ilə nəticələnib. Həmin hadisədən uzun müddət ötməsinə baxmayaraq hələ də zərər görmüş evlər bərpa olunmayıb.
Vaxtaşırı aidiyyati qurumlara müraciət edən zərərçəkən ailələr bu gün şəhər İcra Hakimiyyətinə gedərək etirazını rəhbər şəxslərin diqqətinə çatdırıb. Onlar ən qısa vaxtda evlərinin bərpa olunmasını tələb edib.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova bildirib ki, partlayışdan zərər çəkən ailələrə ətraflı məlumat verilib:
"Partlayışla bağlı istintaq işləri yekunlaşmayıb. Ən çox zərər görən 2 evin sakininə Kür oteldə müvəqqəti sığınacaq təklif olunub. Təəssüf ki, onlar bundan imtina edərək kirayə pulu istəyib".
Həmçinin bildirilib ki, bu gün həmin etirazla bağlı Mingəçevir şəhər İcra hakimiyyəti başçısı İlham İsmayılov FHN-nin rəhbərliyi ilə danışıb və Prezident Administrasiyası ilə əlaqə yaradaraq araşdırmaların sürətləndirilməsini xahiş edib.
Qeyd edək ki, güclü partlayış bir evin tamamən dağılmasına, 17-nin isə dağıntılara məruz qalmasına səbəb olub. Hadisə zamanı isə 1 nəfər ölüb.
Ehtiram Muradov