İyunun 2-dən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.
"Unikal" xəbər verir ki, imtahan sessiyası təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası 24 iyunadək davam edəcək.
İmtahanla bağlı əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib
Bakalavriatura səviyyəsində 46 qrup üzrə 1043-ə yaxın tələbə, magistratura səviyyəsində isə 10 ixtisaslaşma üzrə 119 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyəntəhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyun ayının 30-dan iyul ayının 1-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və şikayətlərin araşdırılmasını təmin edəcək.