Bakıda “Azərpoçt” MMC və BMT-nin Miqrasiya Agentliyi – Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri arasında pulköçürmələri sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib. Respublikada daxili və beynəlxalq pulköçürmələri üzrə geniş imkanlara və istifadəçi bazasına malik olan “Azərpoçt”un rəsmiləri BMT təmsilçiləri ilə bu istiqamətdə öz təcrübələrini bölüşüblər.
"Unikal" xəbər verir ki, görüş “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü İsi Mustafayev və “Azərbaycanda pulköçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsi üzrə tədqiqat qrupunun rəhbəri, beynəlxalq ekspert Anna Proxorovanın rəhbərliyi ilə keçirilib. İştirakçılar “Azərpoçt”da tətbiq olunan beynəlxalq pulköçürmələri sistemləri, xaricdən və əks istiqamətdə pul köçürənlərin sosial-demoqrafik kimliyi, pulköçürmə prosesinin rəqəmsallaşması kimi mövzularda müzakirə aparıblar. Görüşün sonunda gələcəkdə beynəlxalq pulköçürmələrinin iştirakçıları üçün ən yaxşı əməliyyat nümunələrinin (nağd və ya qeyri-nağd üsullar, eləcə də alternativ pulköçürmə sistemlərindən istifadə və s.) bölüşülməsi, müvafiq funksiyaların effektivliyi, pulköçürmələrinin rəqəmsallaşması istiqamətində növbəti müzakirələrin keçirilməsi barədə razılığa gəlinib.
Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC “Western Union”, “Ucuz Para Transferi”, “Zolotoya Korona”, STEFI kimi beynəlxalq sistemlər vasitəsilə dünyanın istənilən istiqamətinə pulköçürmələrini təmin edir.