Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bir əsrdən artıqdır ki, mühəndis profilli ali təhsil müəssisəsi olaraq mütəxəssis və kadr hazırlığı hayata keçirir. Təsadüfü deyildir ki, Azİİ məzunlarının adları, onların nailiyyətləri ölkə hüdudlarını aşıb. Ən sevindirici hal həm də odur ki, bu gün də ADNSU-nun yetişdirdiyi mütəxəssislərə çox ehtiyac duyulur və universitet zamanın tələbinə uyğun cəmiyyətimiz üçün ali təhsilli, savadlı kadrlar yetişdirməyin öhtəsindən layiqincə gəlir. Təhsilin keyfiyyətinin dəfələrlə yüksəlməsi, tədris prosesində müasir yanaşlamaların davamlı tətbiqi elə tələbəikən məzunlarımızın hazır mütəxəssis kimi yetişməsinə rəvac verir. Bu gün ADNSU-nun əsas hədəfi elmi tədqiqat universiteti olmaqla yanaşı, təhsil alanların yüksək səviyyədə və zamanın tələblərinə uyğun- dil və İT (İnformasiya texnologiyaları) üzrə bilik və səriştələri kifayət qədər olan mütəxəssis kimi yetişdirilməsidir.
ADNSU-da İT sahədə təhsilə xüsusi önəm verilir. İnformasiya texnologiyaları və idarəetmə fakültəsi hazırda universitetin ən böyük fakültəsidir. Yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən və müasir elmi istiqamət olan High Performance Computing (HPC) Mərkəzinin ADNSU-da olması da təsadüfi deyildir. Sənayenin inkişafı, elmi məhsuldarlıq, Big Data, qlobal reytinq sistemləri və digər vacib sahələri özündə birləşdirən bu mərkəz dünyada mövcüd olan 43 belə mərkəzdən biridir. ADNSU-nun nəzdində fəaliyyət göstərən İsrail – Azərbaycan Təlim Mərkəzi də universitetdə bu sahəyə verilən önəmin göstəricisidir. Mərkəzin yaradılmasından qısa müddət keçməsinə baxmayaraq burada müxtəlif istiqamətlər üzrə İT kurslarından yararlanan yüzlərlə gənc var qartıq. O cümlədən qazilərimiz və digər sosial təminatlı vətəndaşlarımız üçün də mərkəzdə kurs keçmə imkanı yaradılıb.
Ümumilikdə universitet qabaqcıl İT şirkətləri ilə əməkdaşlıq əlaqələri quraraq tələbələr, bəzən müəllimlər üçün İT sahəsində kurslar təşkil edir, həmçinin bu istiqamətdə reallaşan layihələrdə uğurla iştirak edir.
İyunun 16-da ADNSU-da “CODE FOR FUTURE”-ADNSU təhsil layihəsi (Alqoritmika İT kursları) ilə bağlı böyük bir tədbir keçirildi. Təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə öncə Alqoritmika İT kurslarının qısa icmalı haqqında videoçarx nümayiş olundu, layihənin ərsəyə gəlməsi haqqında iştirakçılara məlumat verilib. Bildirdi ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Alqoritmika İT kurslarının keçirdiyi “CODE FOR FUTURE” təhsil layihəsinə start verilib. IT kursları (bootcamp) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində ADNSU-da 2021/2022-ci tədris ilinin yaz semestrini əhatə edib. ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələrinin iştirak etdiyi kurslarda Veb-tərtibatçılıq və Sistem inzibatçılığı proqramı üzrə tədris aparılıb və layihə 298 tələbəni əhatə edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı layihənin tələbələr üçün önəmindən danışıb. Rektor, professor M.Babanlı bildirib ki, kurslara start veriləndə 700-dən yuxarı tələbə müraciət etmişdi, onlardan 298 nəfər layihədə iştirak etmək hüququ qazandı və 260 tələbə kursu artıq uğurla başa vurub. O, əlavə edib ki, universitetin əsas vəzifəsi tələbələrə yüksək təhsil vermək və ixtisaslı mühəndis kadrlar hazırlamaq olsa da, tələbələrin ixtisasları ilə yanaşı, İT biliklərinin yüksək olmasına diqqət yetirilir. Rektor, professor M.Babanlı onu da qeyd edib ki, Veb-tərtibatçılıq və Sistem inzibatçılığını əhatə edən hazırkı layihə bu baxımdan tələbələr üçün çox əhəmiyyətlidir və onların gələcək fəaliyyətlərində öz müsbət təsirini göstərəcək.
Təhsil naziri Emin Əmrullayev tədbirdə ölkəmizdə gənclərin hərtərəfli inkişafına, sağlam və təhsilli formalaşmasına xüsusi önəm verildiyini qeyd edərək vurğulayıb ki, savadlı mühəndis kadr olmaq üçün hər bir tələbə texniki və riyazi biliklərlə yanaşı, İT sahəsində də kifayət qədər məlumatlı olmalı, sürətlə yenilənən texnoloji dəyişiklikləri vaxtında əxz etməlidir. Nazir bildirib ki, bu gün dünyada, o cümlədən, Azərbaycanda rəqabət aparmaq, uğurlu nəticə əldə etmək üçün bilikli olmaq əsas şərtdir və təbii ki, biz belə layihələrə önəm verməklə tələbələrin daha da hazırlıqlı olmasına, onların mövcud bazar iqtisadiyyatına və tələblərə uyğun formalaşmasına dəstək veririk.
Tədbirdə Sistem inzibatçılığı və Veb proqramlaşdırma kursları ilə yanaşı, digər İT kurslarının önəmindən danışılıb. Qeyd olunub ki, müasir dövrdə elmi texnologiyanın sürətlə inkişafı fonunda yaxşı, ixtisaslı mütəxəssis olmaq üçün, birbaşa ixtisasla yanaşı, İT bilikləri də kifayət qədər olmalıdır, xüsusilə mühəndis kadrlar hazırlayan ali təhsil müəssisəsi üçün bu daha böyük əhəmiyyət kəsb edir. Sonra Təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı “CODE FOR FUTURE”-ADNSU təhsil layihəsini (Alqoritmika İT kursları) müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar təqdim ediblər.
ADNSU son illər elmi innovasiyaların inkişafı, elmi texnologiyanın tədrisə tətbiq olunması, tələbələrin bilik va bacarıqlarının sürətli inkişafına öz təsirini göstərəcək, həmçinin İT biliklərinə önəm verilməsi tələbə və məzunların mövcud bazar iqtisadiyyatı tələbəblərinə uyğun mütəxəssis kimi yetişdirməsində müsbət rol oynayacaq. Bu, həmçinin, məzunların zamanında işlə təminatına təkan verəcək və ADNSU məzunlarına olan tələbatı birə beş artıracaq.
Elnur Hadıyev,
“Oil and İndustry” jurnalının məsul katibi