15 Sentyabr - Bilik Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev yeni dərs ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Nigar Vahabzadə çıxışında Konfederasiyanın elm və təhsil, eləcə də gənclərlə iş sahəsinə göstərdiyi diqqət və qayğını vurğulayıb. O, Akademiyada yaradılmış müasir tədris mühitinin və tələbələr üçün imkanların onların gələcək peşəkar inkişafına önəmli töhfə verəcəyini qeyd edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) sədri Araz Paşayev isə AƏSMA və ETİHİ RK arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb.

Araz Paşayev bir neçə məzununun ETİHİ RK-da çalışmasından məmnunluqla bəhs edib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bildirib.

Tədbirdə çıxış edən valideynlər və tələbələr Akademiya, həmçinin yeni tədris ili ilə bağlı arzu və istəklərini ifadə ediblər.