Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası 2 iyul tarixində “Bravo” marketlər şəbəkəsi ilə birgə Gəncə Mall-da yerləşən Bravo supermarketdə keçirilib.
"Unikal" xəbər verir ki, aksiya zamanı ümumi tutumu 1137 litr olan plastik butulka yığılıb. İştirak edən iştirakçılara ekoçantalar hədiyyə olunub. Bunu Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O qeyd edib ki, ümumi tutumu 50 litrdən artıq butulka təhvil verən şəxslərə isə ekoçantalarla yanaşı Göygöl Milli Parkına bilet hədiyyə olunub. Yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
“İstifadə etdiyimiz plastikləri təkrar emala yönəltməklə ətraf mühitin qorunmasına dəstək ola bilərik. Tullantıları çeşidləməyi adət halına gətirmək üçün belə aksiyaların keçirilməsi önəmlidir”.
S.Məmmədovanın sözlərinə görə, aksiyalar zamanı ekokönüllülər tərəfindən maarifləndirici məlumatlar verilərək, daha çox insanın bu prosesə qoşulması təşviq edilir.
“Məlumat üçün qeyd edək ki, 3 iyul - Beynəlxalq polietilen paketdən imtina günüdür. Günün təsis edilməsində məqsəd geniş istifadə olunan polietilen torbalardan istifadəni azaltmaq, əvəzinə alternativ torbalardan istifadə etməkdir. Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasında da işlənmiş plastik butulkaları təhvil verən şəxslərə ekoçantalar hədiyyə olunur”.
S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya 8 iyul tarixində Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketində keçiriləcək. Aksiya yay boyunca Bakıda və regionlarımızda davam etdiriləcək. Bu barədə elan Nazirliyin saytında və sosial şəbəkələrində öncədən paylaşılacaq.