Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
DİM-dən "Unikal"a veriıən xəbərə görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14293 bakalavrdan 11510 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 4043 nəfər dövlət sifarişi, 7467 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 7670 nəfər ali təhsil müəssisələrinin cari, 3840 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 2022-ci il iyulun 14-dən 25‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.