Ədliyyə Nazirliyi ötən gün vəfat edən ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun ölümü ilə bağlı məlumat yayıb.
“Unikal” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova Feysbuk hesabında məlumat yayıb.
Onun sözlərinə görə, iyulun 7-də vətəndaş Şahmurad Məmmədov borclu olduğu məhkəmə qərarının icrası işi ilə bağlı Sumqayıt şəhəri İcra İdarəsində olarkən qəflətən halı pisləşərək dünyasını dəyişib:
“İdarənin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım briqadası çağırılıb, habelə ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq ürək xəstəliyindən əziyyət çəkən Ş.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş qəfləti ölümlə əlaqədar Sumqayıt şəhər prokurorluğuna dərhal məlumat verilib və müvafiq araşdırma aparılır.
Bildirilir ki, məhkəmə qərarına əsasən Ş.Məmmədovun borcla bağlı ödənişi onun təqaüdünün (1.043 manat) cəmi 25 faizinə yönəldilib.
Ş.Məmmədov özü hərbçi olub, 1-ci Qarabağ müharibəsində iştirak edib”.