Bu gün Lənkəran rayon sakini Məlikov Elşən Şahbaz oğlunun Lənkəran Şəhər İcra Hakimiyyətinin keçmiş müavini Rasilə Arifqızı tərəfindən təhdidlərə məruz qalmasına dair məlumatlar yayılıb.
Elşən Məlikov "Unikal"a açıqlamasında bildirib ki, onun adından Lənkəran ŞİH başçısının keçmiş müavini Rasilə Arifqızı haqqında mətbuatda yayılan məlumatlar əsassızdır:
"Mənim heç bir sayta və media orqanına müraciətim olmayıb, tanımadığım nömrədən zəng gəlib, müxtəlif suallar verilib, lakin fikirlərim təhrif və montaj olunmuş formada təqdim olunub və bu məndə məyusluq yaradıb. Adama deməzlər ki, 2 il öncə baş verən hadisə barədə niyə indi polisə müraciət etməliyəm? Mətbuata 2 il öncəki hansısa hadisəni kimlərin verməsi və onların da mənə zəng etməsi maraqlıdır. Bir daha bildirirəm ki, heç kim məni təhdid etmir və bununla bağlı heç bir narahatlığım yoxdur", - deyə o əlavə edib.
Seymur Əli