Ötən gecə Sabunçu rayonu Pirşağı qəsəbəsində 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfovun törətdiyi hadisə ilə bağlı bəzi məqamlar məlum olub.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə saat 03 radələrində baş verib. Belə ki, İ. Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və eks-arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib.

Bildirilir ki, İ. Nəcəfov işğaldan azad edilmiş ərazidə işləyib və qumbaraları da orada tapdığını deyib. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

İnsidentin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Onların birgə nikahdan 3 övladı var.

***

08:32

Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan qumbaranı partladıb.

DİN Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib. 

Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisədə xəsarət alan yoxdur. 

Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Birgə nigahdan 3 övladı var.