Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Ağcabədi rayonunda təşkil olunub.
"Unikal" xəbər verir ki, yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, ölkəmizin rayonda son illər taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qeyd olunub ki, iri taxılçılıq təsərrüfatlarında müasir suvarma sistemlərinin tətbiqi nəticəsində yüksək məhsuldarlığa nail olunur ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Hər il olduğu kimi bu il də Ağcabədidə toxum sərgi-satış yarmarkasının keçirilməsi rayon fermerləri üçün çox əhəmiyyətlidir. Ağcabədi rayonunun taxılçıları dövlətin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyaların tətbiqi ilə taxıl istehsalını ilbəil artırırlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən 2022-ci il iyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalanması da ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Mirzə Əliyev diqqətə çatıdırb ki, toxum sərgi-satış yarmarkalarının müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Yarmarkada həmçinin əkin materialı kimi sertfikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda mütəxəssislər tərəfindən fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası avqustun 31-də Sabirabad rayonunda təşkil olunacaq.