Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Turan Məmmədovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 29 yaşı tamam olacaqdı...
"Unikal" xəbər verir ki, qəhrəman şəhidimizin xatirəsini əziz tutmaq, qəhrəmanlığını gələcək nəsillərə tanıtmaq üçün adı əbədiləşdirilib. Şəhidimizin doğulub boya-başa çatdığı Dəmirçilər kəndində yaşadığı evin qarşısında bulaq-abidə kompleksi inşa olunub.
Avqustun 29-da, qəhrəman şəhidimizin doğum günündə adını daşıyan bulaq-abidə kompleksinin açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Birinci Qarabağ müharibəsinin şəhid ailələri, müharibə əlilləri, Vətən müharibəsi əlilləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin vaxtilə təhsil aldığı Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, döyüş yoldaşları, KİV nümayəndələri iştirak ediblər.
Şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, əziz xatirələri ehtiramla yad edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, iştiraklarına görə razılığını bildirib. “Bu gün şəhidimiz Turan Məmmədovun həm doğum günüdür, həm də adını əbədiləşdirən bulağın açılışıdır. Belə bir tədbirdə iştirak etmək hər birimiz üçün qürurvericidir. Bu gün qürurla söyləyə bilirik ki, şəhidlərimizin qanları, canları bahasına torpaqlarımız işğaldan azad olundu. Turan kimi qəhrəmanlarımız qanları ilə elə bir tarix yazdılar ki, illər ötsə belə o tarix unudulmayacaq, insanlar daim xatırlayacaq. Bu gün Turan kimi oğullarımızın ruhu şaddır. Artıq Laçın da bizimdir”, - deyən icra başçısı şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsindən, həmin müharibədə əldə etdiyimiz tarixi Qələbədən 2 il ötməsinə baxmayaraq xalqımızın zəfər dolu günləri bu gün də qürurla xatırladığını bildirib. Ötən müddət ərzində şəhidlərimizin daha da əziz olduğunu, xatirələrinin daim yad olunduğunu vurğulayıb. Rayon rəhbəri nə qədər Azərbaycan xalqı var, Turan Məmmədov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, qalib xalqın qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Turanın xatirəsinin daim əziz tutulacağını bildirib. Rayon rəhbəri 30 illik işğalda olan torpaqlarımızı 44 günlük savaşda azad edən Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Turanın təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb.
Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. “Hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhid ailələrinə, qazilərə diqqət ayırsın”, – deyən icra başçısı Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İcra başçısı şəhidimizin ailəsinin inşa etdirdiyi və açılışına toplaşdığımız bulağı Turanın adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. “Bu gün şəhidimizin xatirəsini əbədiləşdirən bulağın açılışında iştirak etdiyimiz üçün qürurluyuq. Bu gün təkcə şəhidlərimiz qəhrəman deyil, onların ataları, anaları da qəhrəmandır. Bu gün qürurluyuq ona görə ki, şanlı ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi rəhbərimiz, Turan kimi igid Vətən oğullarımız, şəhidlərimiz var. Bizlər Vətəni sevməyi Turan kimi oğullarımızdan öyrənməliyik”, - deyən şair B.Vüsal şəhidlərimizə yazdığı şeirini səsləndirərək şəhidimizi bir daha ehtiramla anıb.
E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor əvəzi Gülnar Osmanova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini çatdırıb. “Turan və onun kimi qəhrəmanlarımız canlarından çox sevdikləri Vətən topağı uğrunda şəhid oldular. Ömür paylarını Vətənə fəda etdilər. Azərbaycan Ordusunun 44 günük müzəffər yürüşü elə bir sonluqla bitdi ki, dünyanın hərb tarixində bu cür müharibə qeyd olunmamışdı. Dəmir yumruqla polad biləklər, aslan ürəklər birləşdi və şərəf tariximiz yazıldı. Turan kimi oğullarımız torpağı yurd yeri etdilər”, - deyən G.Osmanova bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. Şəhidimizlə olan xatirələrindən söz açan Gülnar müəllim onun illər öncə nümunəvi şagird kimi, bu gün isə qəhrəman Vətən oğlu kimi gələcək nəsillərə örnək olduğunu söyləyib.
E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin ibtidai sinif müəllimi, şəhidin ibtidai sinif müəllimi olmuş İlhamə Cəfərova çıxış edərək iştirakçıları salamlayıb, şəhidimizə Allahdan rəhmət diləyib. “Turan mənim ən sevimli şagirdlərimdən biri olub. Mərd, cəsur, qorxmaz, sakit təbiətli, ağıllı şagird kimi xatirələrdə əbədi yaşayacaq”, - deyən İ.Cəfərova şagirdi ilə qürur duyduğunu bildirib.
E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, şəhidin sinif rəhbəri olmuş Həcər Əsədova çıxış edərək bu gün yaşasaydı 29 yaşını qeyd edəcəyimiz şəhidimizin illər ötsə belə qəlblərdə əbədi yaşayacağını qeyd edib. Qeyrətli, vətənpərvər oğul böyütdükləri üçün şəhidimizin ailəsi qarşısında baş əydiyini söyləyib. “Oğul var evdən gedir, oğul var eldən gedir”, - deyən Həcər müəllim Turan kimi oğullarımızın bu eldən, obadan getdiyini və hər kəsin onunla qürur duyduğunu vurğulayıb. Turanın məktəb illərindən danışan Həcər müəllim onun qeyrətli, vicdanlı, sakit təbiətli, ürəyi açıq, səmimiyyəti ilə seçilən bir oğul kimi yaddaşlarda əbədiləşdiyini qeyd edib.
Şəhid gizir Turan Məmmədovun atası Nadir Məmmədov çıxış edərək bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdıraraq razılığını bildirib. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından minnətdarlığını bildirib.
Sonra E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 5-ci sinif şagirdləri Aydan Namazova “Salam oğlum”, Elnur Namazlı “Mən şəhidəm”, Aynişan Xəlilova “Suqovuşan igidi”, 11-ci sinif şagirdi Nuray Mustafayeva “Şəhid ömrü”, 2-ci sinif şagirdi Gülnar Mustafayeva “Şəhidin səsi” şeirlərini səsləndirərək igid Vətən oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Gizir Məmmədov Turan Nadir oğlu Şəhid gizir Məmmədov Turan Nadir oğlu 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1999-cu ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2013-cü ilin aprelində isə tərxis olunmuşdur.
Turan Məmmədov əsgərlikdən qayıdandan sonra evdə çox dayanmadı, mayın əvvələrində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket bölüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.
Turan 2016-cı ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərindən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıblar. Sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub. 29 noyabr 2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Doğulub boya-başa çatdığı kənddə yaşadığı evin qarşısında adını əbədiləşdirən bulaq inşa olunub.