Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən, zəngin təbii landşaftı və biomüxtəlifliyi ilə fərqlənən Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar avqustun 31-də milli parkda “açıq qapı” günü keçiriləcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Unikal"a bildirib ki, Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən milli parkda müxtəlif yaş kateqoriyalarına uyğun marşrutlar fəaliyyət göstərir. Milli parka səfər edən ziyarətçilər turist marşrutları boyunca unikal təbiət mənzərələrini görə və turistlər üçün ayrılmış piknik yerlərində dincələ bilərlər.
Xidmət rəsmisi ziyarətçilərə müraciət edərək bildirib ki, havaların isti keçməsi ilə əlaqədar təbiət qoynunda olarkən mütləq yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər, piknik yerlərində ocaq qalamasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar.
“Siz də istirahətinizi füsunkar təbiət gözəlliklərindən zövq alaraq keçirmək istəyirsinizsə, Altıağac Milli Parkına səyahət edin!”
Qeyd edək ki, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb.