Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucovla birlikdə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində yaralanan hərbçilərimizin ailələrini ziyarət edib.
Gəncə Şəhər İcra Hakimiyyətindən "Unikal"a bildirilib ki, şəhər rəhbərliyi Azərbaycan Ordusunun hərbi qulluqçuları Sərxan Fərəcov və Xəyal Hacıyev, həmçinin əsgər Ələsgər Xasıyevin evlərində olub, ailə üzvləri ilə görüşüb, onlarla söhbət edib.
Söhbət zamanı qeyd olunub ki, Azərbaycan Ordusu böyük əzm, şücaət göstərərək torpaqlarımızı işğaldan, məkirli düşmənin tapdağından azad etdi. Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş missiyanı bu gün də uğurla yerinə yetirir. Qeyd olunub ki, Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində Azərbaycanın 77 igid övladı şəhidlik zirvəsinə ucalıb. Bununla belə, düşmənə layiqli cavab verilib, şəhidlərimizin qanı yerdə qalmayıb.
Niyazi Bayramov hərbi qulluqçularımızın ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçuları Sərxan Fərəcov və Xəyal Hacıyev 44 günlük Vətən müharibəsində də iştirak ediblər. Sərxan Fərəcov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı” və “Şuşanın azad olunmasına görə” medalları ilə, Xəyal Hacıyev isə “Kələbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.
Qeyd edək ki, hazırda stasionar müalicələri davam edən hərbi qulluqçular Sərxan Fərəcov və Xəyal Hacıyevin, həmçinin əsgər Ələsgər Xasıyevin səhhətləri qənaətbəxşdir.