2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da var. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Döyüş zamanı Qazax rayonundan olan 11 nəfər hərbi qulluqçumuz yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
"Unikal" xəbər verir ki, sentyabrın 16-da Milli Məclisin deputatı Ülviyyə Ağayeva və Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov xəstəxanada müalicə alan yaralılarımızı ziyarət ediblər.
Gəncə şəhərində yerləşən Hərbi Hospitalda müalicə alan hərbi qulluqçularımız - əsgər Allahmanov Ülvi Süleyman oğlunu, əsgər Hüseynov Pənah Surxay oğlunu, əsgər Niyazəliyev Niyaz Əsgər oğlunu, əsgər Rəhimov Osman Yaşar oğlunu ziyarət edən millət vəkili onların səhhətləri ilə maraqlanıb. Yaralılarımızla səmimi söhbət edən millət vəkili onların tək olmadığını, dövlətin qayğısı ilə əhatə olunduqlarını bildirib. Yaralılarımıza Allahdan şəfa diləyib, tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.
Sentyabrın 17-də isə millət vəkili Ülviyyə Ağayeva Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul işçiləri ilə birlikdə Xanlıqlar və Qarapapaq kəndlərində olub, yaralılarımızın ailələrinə baş çəkib.
Xanlıqlar kənd sakinləri, gizir Bəkirov Rafiq Səlim oğlunun, kiçik çavuş Məmmədov Əlhəm Qələndər oğlunun, Qarapapaq kənd sakini, əsgər Hüseynov Pənah Surxay oğlunun ailəsi ilə görüşən millət vəkili və rayon rəhbərliyi onların qayğıları ilə maraqlanıblar.
Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımızın hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr etdiyini qeyd ediblər. Bu gün Rafiq, Əlhəm, Pənah kimi oğullarımızla hər bir azərbaycanlının, qazaxlının qürur duyduğunu bildiriblər. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında qürur dolu anlar bəxş edən oğullarımızın, eləcə də sentyabrın 12-dən etibarən düşmən təxribatının qarşısını alarkən şəhid olan, yaralanan qəhrəmanlarımızın heç vaxt unudulmayacağını qeyd ediblər. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, qazilərimizə, onların atalarına, analarına, ailə üzvlərinə olan münasibətlərinin, göstərdikləri qayğının hər bir dövlət məmuruna, eləcə də hər bir vətəndaşa örnək olduğunu vurğulayıblar. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, bundan sonra da belə davam edəcəyini söyləyiblər.
Yaralımızın atası Səlim Bəkirov təkcə övladı Rafiqlə deyil, onunla çiyin-çiyinə vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Bir ata kimi şəhidlərimizin ruhu qarşısında baş əydiyini vurğulayıb. Övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, millət vəkili Ülviyyə Ağayevaya və icra başçısına minnətdarlığını bildirib. Bugünkü ziyarəti hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının bariz nümunəsi kimi qeyd edib.