Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirib, bundan sonra həmin şikayət nəzarətə götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin 59 saylı Salyan seçki dairəsininn deputatı Jalə Əhmədova özü feysbuk hesabında məlumat verib.
“Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlərlə bağlı sosial şəbəkə hesablarımda etdiyim paylaşımlara dərhal reaksiya verən və artıq məsələni nəzarətə götürdüklərini bildirən aidiyyatı dövlət orqanının rəhbər şəxslərinə dərin təşəkkürümü bildirirəm.
Təəssüf edirəm ki, məhkəmə-hüquq sistemində aparılan uğurlu islahatlara kölgə salan bəzi şəxslər bunun fərqində deyillər və onlara göstərilmiş etimadı layiqincə dəyərləndirə bilmirlər”, - deputat qeyd edib.
Qeyd edək ki, J.Əhmədova bu gün səhər saatlarında M.Qasımovla bağlı tənqidi fikirlər bildirmişdi: "Qəbul zamanı seçicilərimin Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımovla bağlı səsləndirdikləri şikayətlər də məhz bu istiqamətdədir – Muradağa müəllim məhkəmə-hüquq sistemini özününküləşdirib! Deyəsən M.Qasımov ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirildiyini və məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığını unudub. Bəs, görəsən vətəndaşa “get, hara istəyisən şikayət et”, deyən Muradağa müəllim, bununla dövlətimizin nüfuzuna xələl gətirdiyini bilirmi? Yoxsa şəxsi mənafeyini daha üstün hesab edir?! Salyan rayon Məhkəməsinin sədri Muradağa Qasımov unutmasın ki, hər bir məmur xalqın xidmətçisidir!"