Azərbaycanda bələdiyyələrin siyahısına dəyişiklik edilir.
"Unikal" xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Dəyişikliklə, Kəpəz və Nizami bələdiyyələrinin əhatə etdiyi ərazi dəyişir. Belə ki, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilər - Cavadxan, Məshəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi olacaq. Nizami Bələdiyyəsinin əhatə etdiyi ərazilər - Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi hesab olunacaq.
Qüvvədə olan qanuna görə Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilərə Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazilərə isə Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi aiddir.